REAL 2020 Cümhuriyyətçilər

Seçki platforması

Tərcümeyi-hal

Növbədənkənar 9 fevral 2020-ci il parlament seçkiləri üçün

REAL Cümhuriyyətçilər İttifaqının

SEÇKİ PLATFORMASI
 

Bu Platformda ifadə etdiyimiz və gələcəkdə ortaya qoyacağımız hüquqi, iqtisadi, sosial, ədalət, elmi, mədəni, çevrəçi, hərbi, bərabərlik, beynəlxalq əməkdaşlıq və digər sahələrdəki mövqe və təkliflərimiz son nəticədə birbaşa ya da dolayısı yolla Cümhuriyyət təməllərinin möhkəmləndirilməsi məqsədinə xidmət edir.

Onlar bir çox hallarda prinsiplərdən doğan siyasi addım mənasına gəlir, prinsiplərimizin özü deyildir. Bununla da Platforma və Proqram arasında fərqi ortaya qoyuruq.

İfadə etdiyimiz mövqenin parlamentdə yetərincə dəstək almadığı təqdirdə də onun faydalı olacağına, bu mövqe əsasında geniş siyasi iştirakçılığın başlanacağına və bunun, gələcək konstitusion mərhələlərdə nəticəyə çevriləcəyinə inanırıq.

I. REAL Cümhuriyyət

1. Hakimiyyətin qolları

Yaşadığımız tarixi zamanın başlıca xüsusiyyəti ondan ibarətdir ki, dövlətimizin təməli Cümhuriyyət şəkilində qoyulsa da, bu üsuli-idarəyə xas hakimiyyət bölgüsü qanunverici, məhkəmə və icra qolu arasında həm yetərincə təmin edilməyib, həm də davamlı olaraq sarsıdılır.

İttifaqımızın başlıca məqsədi bu bölgünü daim möhkəmləndirməkdir. Bu məqsədə parlament fəaliyyətimizdə çeşidli alət, təşəbbüs və prosedurlar vasitəsilə nail olmaq əzmindəyik.

Prezident səlahiyyətlərinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasının tərəfdarıyıq. Bir şəxs iki dəfədən çox bu vəzifəyə seçilmək ixtiyarında olmamalıdır. Xarici siyasət və hərbi təhlükəsizlik məsələlərində o, parlamentdən daha üstün səlahiyyətlərə malik olsa da, müharibə elan etmək səlahiyyətləri istisna olmaqla, bütün digər sahələrdə səlahiyyətləri parlamentlə bərabərləşdirilməlidir. Prezident və parlament bərabər tərəflər kimi əməkdaşlıq edərək ölkə qarşısında duran məsələləri həll etməyə çalışmalıdırlar.

Parlamentin və bələdiyyələrin dövlət idarəetmə sistemində rolu gücləndirilməlidir. Bununla belə, dürüst seçkilərin yanlış siyasi və iqtisadi nəticələrə yol açmaması üçün qaydalar elə qurulmalıdır ki, parlament seçkisi nəticəsində təkpartiyalı hökumət yarananda baş nazir hakimiyyətin icra qolunun ən güclü təmsilçisinə çevrilsin. Hökumət koalisyon olacaqsa, yəni bir neçə partiyanın parlamentdə əməkdaşlığından doğacaqsa, onda prezident qərarlarının və mövqeyinin önəmi daha yüksək olmalıdır.

Milli Məclisin tərkibi indiki kimi 125-dən 150 nəfərədək artırılmalıdır. Bunların yüzü majoritar, əllisi isə proporsional qaydada seçilməlidir. Sayın artırılması millət vəkillərini insanlara daha yaxın edəcək, həm də parlamentin ictimai səslərin təmsilçiliyi vəzifəsinə yeni, daha rəngarəng keyfiyyət gətirəcəkdir.

İndikidən fərqli olaraq, parlament sadəcə ildə bir dəfə hökumətdən hesabat almaqla kifayətlənməməlidir. O, ölkənin iqtisadi, sosial mədəni, xarici və digər siyasət istiqamətlərini təyin etməli, hesabat dövründə hökumətin bu istiqamətlərə nə dərəcədə uyğun işlədəyini dəyərləndirib, hökuməti görəvində saxlamalı, ya da istefaya göndərməlidir.

Dünya demokratiya təcrübəsi göstərdiyi kimi, təkcə prezidentlər deyil, parlament kimi kollektiv qurumlar da tarixi məsuliyytətsizliklə, seçki eqoizmi ilə, iş əvəzinə söz oyunları ilə həddini aşaraq millətin həyatını iflic edə, gələcəyini təhlükə altına ata bilər. Ona görə bir tərəfdən dövlət başçısı olan prezident, digər tərəfdən isə ali məhkəmə hakimiyyəti parlamenti məsuliyyətə məcburlayan səlahiyyətlərə sahib olmalıdır. Konstitusiya Məhkəməsinin hakimləri, öz növbəsində, parlamentin və prezidentin bir-biri ilə anlaması nəticəsində ən azı bir neçə seçki dövrünü əhatə edən müddətə təyin olunaraq öz fəaliyyətlərində prezidentdən və parlamentdən tam müstəqil olmalıdırlar. 

2. Yerli hakimiyyət

Dağlıq Qarabağ üçün yerli idarəetmə forması Bakıdakı mərkəzi hakimiyyətin o ərazidə yaşayan və yaşamaq hüququ olan erməni və azərbaycanlı icmaları ilə danışıqlarında müəyyən edilməlidir. Münaqişəyə son qoymaq, dinc yaşayış naminə iki icmanın vahid toplum halında miqyaslı səlahiyyətlər icra etməsinə hazır olmalıyıq. Məsələn, özlərinin birgə polisi, cinayət məcəlləsi, vergi siyasəti və s. ola bilər.

İcmaların istəkləri bu sənədin 2-ci hissəsində daha ətraflı işıqlandırılan Qarabağ siyasətimiz içində nəzərə alınacaq.

Naxçıvanda indi mövcud olan muxtariyyat sisteminin sərbəst, bərabər siyasi və iqtisadi rəqabət mühitində işlək olub-olmayacağı suallar doğurur. Naxçıvan əhalisinin azalması sürəti Ermənistanın boşalmasından heç də geri qalmır. Bunun səbəbkarı Qarabağ münaqişəsi olsa da, orada hökm sürən kobud idarəçilik ruhu və qanunsuz qadağalar, köçü daha da gücləndirir. Naxçıvan əhalisi ilə və onun təhlükəsizliyinin beynəlxalq təminatçısı Türkiyə ilə ünsiyyətdə müxtariyyatın və onun idarəçilik təcrübəsinin qanuni çərçivəsi Azərbaycanın Avropa kimliyinə uyğunlaşdırılmalıdır. 

Digər ərazilərə gəldikdə, indiki rayon bölgüsündən imtina edilməlidir. Bir neçə rayon “el” adlandırılacaq yeni inzibati vahiddə birləşdirilməli və bu inzibati vahid “hər 5 min seçiciyə bir bələdiyyə üzvü” prinsipi ilə formalaşan bələdiyyə şuraları tərəfindən idarə olunmalıdır.

Bələdiyyələr həqiqi və geniş səlahiyyət sahiblərinə çevrilməlidir. “İcra başçısı” prezidentin və hökumətin yerlərdə müşahidəçisi vəzifəsini yerinə yetirməlidir, yerli idarəetməni həyata keçirəcək işçi aparatına malik olmamalıdır. Bələdiyyəni vətəndaş seçəndə ondan real iş tələb edə biləcək. Bu işi yerinə yetirməyən bələdiyyə başqanları və üzvləri növbəti seçkidə ya bunun səbəbini vətəndaşa izah edəcəklər, ya da daha səs qazanmayacaqlar. 

Bir yaşayış məntəqəsinin əhalisi 75 mindən azdırsa onun öz bələdiyyəsi bir çox məsələdə El Bələdiyyəsinə tabe olmalıdır. Yaşayış məntəqəsinin əhalisi 75 mindən çox olduqda o, Böyük Şəhər statusu almalı və onun seçilmiş rəhbərliyi El Bələdiyyəsi ilə deyil, birbaşa mərkəzi hökumətlə iş münasibəti qurmalıdır. Hər böyük şəhərdə xalqın birbaşa seçdiyi mer və bələdiyyə şurası olmalıdır.

Bu prinsiplər Bakıya da şamil olunmalı və Bakı haqqında ayrıca qanun qəbul edilməlidir. Qanunda Bakı rayonlarının və qəsəbələrinin hansı qaydada Bakı Böyük Şəhər Bələdiyyəsinə tabe olması, bələdiyyələrdə təmsilçilik nisbətlərini və digər məsələləri ətarflı əhatə edilməlidir. Bakı Böyük Şəhər Bələdiyyəsinin 100 nəfər xalq tərəfindən seçilmiş üzvü və meri olmalıdır. Oxşar qanunların Gəncə, Sumqayıt haqqında da qəbulu labüddür.

Bələdiyyələr Konstitusiyada dövlət idarəetmə sisteminin tərkib hissəsi elan edilməli, bələdiyyə seçkiləri isə parlament seçkilıəri ilə oxşar qaydada keçirilməlidir, yəni həm ərazilər, həm də partiyalar bu seçkilərdə təmsil olunmalıdır.

Mərkəzi hakimiyyət yerli və regional səviyyəli işlərin məsuliyyətini seçkili El Bələdiyyəsinin öhdəsinə buraxmalıdır: ərazi inkişafı və şəhərsalma planlarının hazırlanması, təhsil, səhiyyə, iqtisadi qərarlar və s. Bu səlahiyyətlərin icrası üçün el ərazisində işləyən hüquqi şəxslərin vergiləri mərkəzi və el büdcələri arasında bölüşdürülməlidir. Üstəgəl, imkan daxilində, mərkəzi büdcədən ərazilərə əlavə vəsait ayrılmalıdır. Bütün bu işlərin sadəcə inkişaf deyil, tərəqqi məqsədi ilə icrasında bələdiyyələrin bir nömrəli tərəfdaşı rolunda mərkəzi hakimiyyətin tərkibindəki Regional İnkişaf və Tərəqqi Nazirliyi çıxış etməlidir.

3. Hüquq və ədalət

İnsan haqlarının yüksək səviyyədə qorunması Azərbaycanın dünyada ən təsirli tanınma alətlərindən biri olmalıdır. Sərbəstlik məsuliyyətin heç də pis müəllimi deyil. Əlbəttə, bircə bu müəllim bəs eləməz. Qanunların fərdi iradələr üzərində üstünlüyü siyasətimizdə aydın ifadə edilməlidir. Ən mütərəqqi Avropa qanunları bizim üçün örnək olmalı və Azərbaycanda insan haqları ən azı 1 Avropa Birliyi ölkəsində olduğundan daha yaxşı təmin olunmalıdır. Özümüzü bəzi coğrafi qonşularımızla deyil, ideallarımızla müqayisədə qiymətləndirməliyik.

Məhkəmələrin müstəqilliyini təməl və müqəddəs qayda kimi qorunmalıdır. Ali məhkəməyə hakimləri prezindentin təqdimatı ilə parlament təyin etsə də, yerli məhkəmələrin hakimlərinin təyinatı mürəkkəb peşə testi və sonra yerli əhali arasında səsvermə əsasında aparılmalıdır. Apelyasiya hakimlərini isə öz sıralarından hakimlərin özünüidarə qurumu təyin etməlidir. Yerli və apelyasiyya məhkəmələrində sədr olmamalı, inzibati işləri katiblik qurmalı, bəzi əsaslandırılmalı olan istisnalarla, işlər hakimlər arasında təsadüfi seçim əsasında bölüşdürülməlidir.

Vəkillərin bir deyil, bir neçə peşə ittifaqı yaratmaları mümkün olmalıdır ki, vəkillər dövlətin hazırki siyasi təzyiqindən qurtulsunlar. Vəkilliyə aid BMT və Avropa Şurası sənədləri, eləcə də Avropa Vəkillərinin Davranış Kodeksi vəkillik haqda qanunlarımızın bünövrəsində durmaldır.

Cinayət Məcəlləsi yenidən işlənərək, stalinizmin ifrat sərtlik və dumanlılıq əlamətlərindən tam təmizlənməlidir. Lakin, bəzi cinayətlərə görə məsuliyyət ağırlaşdırılmalıdır. Məsələn, yalançı şahidliyə görə, ona sövq ya da məcburlamağa görə cəzalar nəinki sərtləşdirilməli, mövzuya həm də daim xüsusi diqqət ayrılmalıdır ki, onilliklərdir yetişdirilmiş təhqiqat və ictimai yanaşma mədəniyyəti sındırılaraq dürüst yenisi ilə əvəz edilsin. Yalançı şahidlik üzərində qurulduğu ehtimal edilən bütün cinayət işlərinə yenidən baxılmalıdır. Eyni yanaşma saxta ekspertiza ənənəsinə də aiddir: bu təcrübə məhv edilməlidir.

1991-dən indiyədək siyasi səbəblərə görə həyatlarını, mülkiyyətini, sağlamlığını, azadlığını itirmiş bütün insanlara qarşı dövləti ədalətin bərpası üçün xüsusi qanun qəbul və icra edilməlidir. Dövlət bununla millət qarşısında öz təqsirini etiraf etmiş də olacaq.

Vətəndaşlarımızın faktiki yaşadığı yerə mülkiyyət haqları tanınmalıdır. Bu mümkün olmadığı təqdirdə, mülkiyyət təkcə bazar qiymətinə deyil, ədalətli qiymətə, yəni vətəndaşı buna bərabər layiqli yaşayış şəraiti ilə təmin edəcək qiymətə dövlət tərəfindən satın alınmalıdır.

Toplaşma və birləşmə azadlığı qanundan başqa həm də demokratik ruhun toplumdakı önəmi yüksək tutularaq təmin edilməlidir. Yəni, indiki iqtidar bunları qanunların imkan verdiyindən də az həcmdə təmin edir, biz isə əksinə qanunun verdiyi imkanlardan artıq dərəcədə toplaşma və birləşmə azadlığını təmin etməliyik.

1 rəsmi qəzetdən başqa dövlətə aid bütün qəzetlər qapadılmalıdır. İctimai TV və radio açıq tipli səhmdar cəmiyyətə çevrilərək ancaq Azərbaycan ərazisində yaşayan Azərbaycan vətəndaşlarına məxsus olacaq xırda paylarla özəlləşdirilməlidir. TV və radio bazarı yeni kanallar üçün açıq olmalıdır. Medianın işinə yalnız məhkəmə, o da yalnız hüquq pozuntusu aşkarlandığı halda müdaxilə edə bilər. 

II. REAL GÜVƏNC

1. Silahlı Qüvvələr

Hələ uzun tarixi zaman ordu xalqların güvənc yeri, sonuncu və ən ağır yüklənmiş müdafiə divarı olaraq qalacaq. Nəzəri baxımdan xarici iqtisadi və siyasi əlaqələr orduların tətbiqi ehtimalını tədricən aşağı endirəcəyini fərz etmək olarsa da, gerçək siyasi işin bu gözləntinin üzərində qurulması hələ tezdir. Ordu bizə təkcə Qarabağ siyasətimizin aləti kimi deyil, daha strateji mövcudluq məqsədlərimiz üçün lazımdır. Ordunun zəifliyi, digər amillərlə yanaşı 1920-ci ildə Cümhuriyyətin sovetləşməsinə yol açdı.

Orduda xidmət edən peşəkarların maaşı ən azı 2 dəfə artırılmalıdır ki, rüşvət halları sərt cəzalandırılaraq idarəçilik amili kimi məhv edilsin. Dövlət sektorunda işləyənlər üçün nəzərdə tutduğumuz və bu sənədin “REAL İNSAN” hissəsində açıqladığımız sosial təminat paketləri tam həcmdə, bəzi hallarda isə artıqlaması ilə bu heyətə verilməlidir.

İki seçki dövrü ərzində ordu tamamilə NATO standartlarına keçirilməlidir. Birinci mərhələdə struktur və maddi təminat uyğunlaşdırılmalı, ikinci mərhələdə isə hərbi-texniki təchizat məsələlərinə diqqət üstünlük təşkil etməlidir.

Perspektivdə tamamilə peşəkar orduya keçidi nəzərdə tutsaq da, bu işə çağırış sisteminin kökündən dəyişdirilməsi ilə başlamalıyıq. Müddətli həqiqi xidmətdə 30 yaşdan böyük əsgər olmamalıdır. Xidmət müddəti 1 ildən artıq təşkil etməməlidir. Tələbələr təhsil aldıqları illərdə öz istəyi ilə bir ya da iki dəfə yay tətilləri dövründə xidmət keçərlərsə həmin bütöv dövr onların bir illik xidmət borcundan silinməlidir. Beləliklə, ali məktəbi bitirdikdən sonra onlar yalnız 6 və ya 9 ay xidmət etməli olacaqlar.

Bununla belə, hansısa səbəbə hərbi xidmətdən imtina edən şəxslər Müdafiə Nazirliyinin tərkibində yeni yaradılacaq xüsusi fonda bir orta rütbəli zabitin illik maaşı həcmində pul ödəməklə hərbi mükəlləfiyyətdən azad olunacaqlar. İmtina dini ya da sosial inancdan doğarsa və bunu sübut edən yetərincə fakt olarsa, həmin məbləği vətəndaş güzəştli və uzunmüddətli kredit şəklində alıb ödəyə bilməlidir.

Ordu indiki həbsxana ruhundan qurtularaq hərbi təlim, ağıllı, vicdanlı və intizamlı gücə pərəstiş məktəbinə çevrilməlidir. Əsgərin xidmət şəraitinin yaxşılaşdırılmasının rolu bu işdə xüsusi yeri var.

Müdafiə naziri siyasəti təklif, təyin və təcəssüm edən mülki şəxs olmalıdır. Nazirlik, hərbi siyasət, büdcə, xarici və ictimai əlaqələr, təlimin və çağırışın təşkili kimi vəzifələrdə diqqətini cəmləşdirməlidir. Müdafiə sənayesi nazirliyi ləğv olunaraq, səlahiyyətləri Müdafiə nazirliyinə verilməlidir. Baş Qərargah əməliyyatların keçirilməsi, döyüş planlaması və digər birbaşa hərb icrası rollarını oynadığı üçün Müdafiə nazirliyinin yuxarıdakı idarəetmə funksiyalarından ayrılmalıdır.

Ordu üzərində ictimai nəzarəti əngəlləyən amillərin bir çoxu demokratik təsisatlarımızın – söz azadlığının, siyasi rəqabətin, sivil toplumun fəaliyyət sahəsinin genişlənəcəyi üçün öz-özünə aradan qalxmalıdır. Bu, yetərli olmasa, dövlət əlavə təsirlər də göstərməlidir. Lakin, bu cür nəzarət adı altında aparılan, əslində isə ordunu və əsgər adını aşağılamaq məqsədi güdən kampaniyaların qarşısı qətiyyətlə alınmalıdır.

2. Hüquq mühafizə orqanları

Xalqı deyil, cinayətkarları qorxu içində saxlaya biləcək, eyni zamanda dərin araşdırmalara və çağdaş təcrübələrə əsaslanaraq cinayətkarlığı önləyə biləcək polis və təhlükəsizlik siyasətini indiki hakimiyyət bu uzun illər ərzində qura bilmədi.

Cinayətlərin və onların açılması statistikasını Ədliyyə Nazirliyi aparmalıdır ki, polis orqanlari rəqəmləri oynadaraq ictimai rəyi çaşdırmasın. Saxta və natamam statistika həqiqi durumu araşdırma yolu ilə müəyyən etməyi və siyasət planlamasını qeyri-mümkün edir.

Asayişin qorunması üzrə bir çox vəzifələr el və böyük şəhər bələdiyyəlırinin tabeçiliyində yaradılmalı olan bələdiyyə polisinə ötürülməlidir.

Ölkədə polis işçilərinin əhaliyə nisbətdə sayı Avropa Birliyi göstəricilərindən yüksək olmamalıdır. 

Ədliyyə və polis orqanlarında işləyənlərin maaşı azı 2 dəfə artırılmalıdır. Onlar daha kiçik sahibkarladan və məhbuslardan rüşvət yığmağı özlərinə yaraşdırmamalıdırlar. Yığanlar amansız cəza tədbirləri ilə üzləşməlidirlər.

Hüquq-mühfizə orqanlarında, xüsusilə də müvqqəti saxlama yerlərində, cəzacəkmə və istintaq müəssisələrində geniş yayılmış işgəncə təcrübəsinə Avropa Şurasının müvafiq qurumu ilə birgə dərin və intensiv əməkdaşlıq nəticəsində birdəfəlik son qoyulmalıdır.

Yol polisindəki islahat Gürcüstanın uğurlu islahat modelini tam şəkildə təkrarlamalıdır.

Dövlət adından əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumların dairəsi xeyli daraldılmalı, eyni zamanda bu sahədə özəl detektiv fəaliyyəti üçün imkanlar açılmalıdır.

Dövlət Təhlükəsizli Xidmətinin siyasi təqib qurumuna çevrilməsinin nəticələri aradan qaldırılmalıdır. Onun işi üzərində xüsusilə yaxından parlament nəzarəti qurulmalıdır.

Prokurorluq, DİN, MTN, DTX və digər qurumlarda işləyərək indiyədək siyasi repressiyalarda birbaşa iştirak etmiş bütün şəxslər dövlət qulluğundan uzaqlaşdırılmalı, rütbələri əllərindən alınmalı, pensiyaları verilməməlidir. Lakin onların iştirakı ilə yazılan tarixin qara səhifəsi çevrilsin deyə, onlara qarşı cinayət işləri açılmamalıdır.

3. Qarabağ danışıqları

Qarabağ münaqişəsi daim dəyişən qlobal və regional iqtisadi, siyasi, mədəni fonda davam edir. Onun həlli üçün zaman-zaman fərqli alətlər və yanaşmalar tətbiq oluna bilərdi. Amma mümkün olmadı. İndi danışıqlar kökündən yenidən qurularaq dörd paralel xətlə aparılmalıdır:

- Bakı-İrəvan danışıqlarının bircə əsas mövzusu olmalıdır. Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə dövlət tərəfindən çağrılmaması. Dağlıq Qarabağın gələcək statusu İrəvanla danışıqlar mövzusu olmamalıdır. Bu bizim ərazidir.

- Beynəlxalq qurumlarla, ayrı-ayrı ya da qrup halında olan dövlətlərlə Qarabağ münaqişəsi bağlantısında regional təhlükəsizlik mövzusu danışıqlar predmeti olmalıdır. Bu danışıqlar nəticəsində, beynəlxalq sülhmərəmlı qüvvələr münaqişə regionunda yerləşdirilərsə, onlar yalnız yüngül silahlanmış polis funksiyasını yerinə yetirməyə qadir olmalıdırlar. Onlar bölücülərin təhlükəsizlik çətirinə çevrilməməlidirlər. Bütövlükdə, indiki vasitəçilik 1990-ların gerçəkliklərini əks elətdirir deyə, dəyişdirilməlidir. Türkiyənin bu vasitəçilik prosesində çəkisi artırılmalıdır.

- Dağlıq Qarabağ və ümumən tarixi Qarabağ ərazilərində yaşamaq hüququ olan erməni və azərbaycanlı vətəndaşlarımızın icma və digər qurumları arasında barışığa köklənmiş dialoqa rəsmi Bakı dəstək və yardımını əsirgəməməlidir.

- Mərkəzi hakimiyyətin yuxarıda qeyd olunan icma və qurumlarla ayrıca öz dialoqu və əməkdaşlığı olmalıdır. Bu dialoq, DİN ya da nazirliklərarası bir təsisatın müvəkkili vasitəsi ilə həyata keçirilə bilər və xarici siyasət orqanlarının səlahiyyətinə aid edilməməlidir.

III. REAL TƏRƏQQİ

XX əsrdə sol və sağ partiyaların birgə koalisyon hökumət qurması nadir və qəribə hadisə idi. Hazırda bu, normal hal alıb, çünki ötən əsrin “sol-sağ” toqquşması ölkələrin konkret tarixi məqamında bu yanaşmalardan hansısa birinin daha üstün və doğru olduğunu isbatlayaraq onları ideoloji düsturdan daha çox alətə çevirdi. Biz də siyasət təşəbbüslərimizdə həm sağ, həm də sol alətlərdən harmonik qaydada istifadə etməliyik.

Örnək: dövlət sektorunda işləyənlərin sayından daha vacib olan sual – oradakı iş yerlərinin strukturu, rəqabətli mühiti, şəffaflığı, ən əsası isə elmi-texniki və sosial-iqtisadi tərəqqiyə xidmət edib-etməməsidir. Çünki Azərbaycanda dövlət sektorunun idarəetmə sahəsində işləyənlərin sayı əksər Avropa göstəricilərindən çox deyil, amma bu işləyənlərin nə ilə məşğul olması ciddi suallar yaradır. Hökumət nə böyük, nə də kiçik olmalıdır – sadəcə öz vəzifəsini yerinə yetirməlidir. Bu vəzifə, problemli nöqtələrə müdaxilə və məsafədən tənzimləmə kimi bəsit olmayacaq – ölkəni tərəqqiyə doğru dartmalı, itələməli, qovmalıdır.

1. İqtisadiyyat

Daxili və xarici ticarət Dünya Ticarət Təşkilatı standartlarına uyğun şəkildə sərbəstləşdirilməlidir (bununla belə, qeyd edək ki, məhsulların keyfiyyət standartları ayrı mövzudur). Bu addım, dövlət sektorunda maaş və pensiyaları qiymət artımından qorxmadan 2-3 dəfə yüksətməyə imkan verəcək. Dövlət qulluqçusu hazırda parallel maaş olan zərf, rüşvət və başqa əyri yollarla qazandığı pullarla müqayisə edilə bilinəcək maaş almalı və vicdanı rahat vətəndaş kimi yaşamalıdır.

Qanuni gəlirlərin artırılması ilə yanaşı, istehlakçı mədəniyyətini dövlət olaraq sosial reklam və digər üsullarla tərbiyə etmək lazımdır ki, insanlar təhsilə, şəxsi inkişafa daha çox pul xərcləsinlər və beləcə milli kapital havaya sovurulmasın.

Strateji iqtisadi qərarların doğruluğu üçün elmi-texniki, sosial, demoqrafik, regional və qlobal proseslərin düzgün dəyərləndirilməsi vacibdir. Bu dəyərləndirmə üçün lazımi insani və institusional imkanlar 5-10 il ərzində formalaşdırıla bilər. İlkin prioritetlərimizə isə bunlar daxil edilməlidir: mühəndis-texniki və sənaye kompleksi daxil olaraq alternativ energetika, orqanik kənd təsərrüfatı, aqrosənaye, tibb və Xəzər dənizində iqtisadi üstünlüyümüzü təmin edəcək sahələr.

“Qeyri-neft sektorunun inkişafı” daim mif, uydurma, təbliğat yalanı olub və belə də qalacaqdır. Bu ifadə əvəzinə “dünya bazarında satılabiləcək mallar və xidmətlər” (qısa forması “satılabiləcək mallar”) anlayışına keçərək neft asılılığından qurtulma dərəcəmizi bunların həcminin artması ilə ölçməliyik.

Belə vəzifələrdən doğan işləri Nazirlər Kabinetinin indiki strukturu heç bir halda yerinə yetirə bilməz deyə, o, tam dəyişdirilməlidir. Nazirliklər siyasətin tənzimlənməsi və bəzi sosial xidmətlərin göstərilməsilə məşğul olmalıdırlar. Hətta dövlət müəssisələrinin işinə hər hansı nazirlik, dövlət adından təkbaşına müdaxilə edə bilməməlidir. Dövlətin bir səhmdar kimi müdaxiləsini tənzimləyən nazirliklərarası məxanizm qurulmalıdır.

Eyni zamanda, milli tərəqqi məqsədlərinə xidmət edən ayrı-ayrı sahələrdə subsidiya alan açıq tipli dövlət səhmdar müəssisələri yaradıla ya da gücləndirilə bilər. Rəqabətin təhlükə altında olduğu sahələrdə, bazar sərbəstliyinin inhisarla mübarizədə aciz olduğu sahələrdə subsidiyasız adi müəssisələr açılaraq müəyyən dövr işlədilməli, sonra isə özəlləşdirilməlidir.

Dövlət xərclərində israfı azaltmaq, habelə iqtisadiyyatda rəqabəti canlandırmaq məqsədilə istisnasız bütün dövlət satınalmaları elektron portal vasitəsilə həyata keçirilməlidir ki, milyardlarla ölçülən vəsaiti daha faydalı iqtisadi dövriyyəyə buraxmaq mümkün olsun.

2. Sahibkarlıq və digər işləyənlər

Təklif elədiyimiz islahat tədbirləri kreditlər üzrə, xüsusilə də sərmaye kreditləri üzrə faiz dərəcələrini dəfələrlə aşağıya endirilməsinə imkan verir. 20 il ərzində kredit dərəcələrinin 20-25% səviyyəsində qalması Əliyev iqtidarına, onun iqtisadi siyasətinə etimadsızlığın ən aydın ifadəsidir. 

Sərbəstləşəcək iqtisadi mühitdə yenilikçiliyə təkan vermək üçün “biznes mələkləri” tipli layihələrə qarışıq dövlət-özəl dəstək fondaları yaradılmalıdır.

İxracat müəssisələrinə Dünya Ticarət Təşkilatının təcrübəsinə zidd olmayan imtiyazlar verilməlidir. Vergilərlə yanaşı bu imtiyazlara İxracat Bankının yaradılması, ixracatın sığortalanması mexanizmi, kadr ehtiyaclarının dövlət təhsil siyasətində nəzərə alınması kimi alətlər və yardımlar daxil olmalıdır.

Oxşar və digər stimullar aparıcı elmi-texniki və maddi bazası Azərbaycanda yerləşən mürəkkəb ya da yüksək texnoloji istehsal şirkətlərinə şamil edilməlidir.

Milli Məclisdəki təmsilçilərimiz ildə azı iki dəfə aparıcı sahibkarlıq ittifaqlarının toplantılarına rəsmən qatılmalıdırlar.

Çağdaş iş adamları yaxşı anlayır ki, işçilərin yüksək həyat səviyyəsi cəmiyyətdə tamamilə yeni keyfiyyətdə ab-hava yaradaraq biznes imkanlarını əvəllər inanılmaz görünən geniş məkana çıxarır. Bu anlayışı onlarda gücləndirən proqram və standartlar qəbul edilməlidir.

İş yerlərinin keyfiyyətini gündəmdə ən səmərəli şəkildə həmkarlar ittifaqları saxlaya bilər. İnsanların belə ittifaqlarda birləşməsini, kollektiv və fərdi əmək müqavilələri imzalanmasını dövlət olaraq sosial-iqtisadi davranış norması kimi əhali arasında təşviq etməliyik. Lakin bu təsisatların və mədəniyyətin hələ zəif olduğunu nəzərə alaraq, işçilərin hüquqlarının müdafiəsi üçün əmək münasibətlərinin tənzimlənməsində dövlətin inzibati iştirakı hələ bir müddət kifayət qədər yüksək qalmalıdır.

Hər bir halda, dövlət və özəl sektorlarında 40 saatlıq 5 günlük iş həftəsi prinsipini, iş şəraitinə dair Avropada yayılmış normativləri pozan müəssisələr cərimələnməli, 40 saatlıq iş həftəsinə görə ayda 500 manatdan aşağı xalis əmək haqqı qadağan edilməlidir. Əmək haqqını bundan az verməkdən ötrü iş saatlarının gerçəkdə olandan aşağı göstərilməsi çəkindirici məsuliyyətə cəlb edilməlidir.

Eyni zamanda, sahibkarların sosial sığorta yükü azaldılmalı, bu yük işə götürən və muzdlu işçi arasında bərabər bölünməlidir.

3. Kənd təsərrüfatı

Fermerlər bütün Avropada olduğu kimi, miqyaslı birbaşa və dolayısı yolla subsidiyalar almalıdırlar. Buna güzəştli kreditlər və vergilər, məhsulun dövlət tərəfindən səmərəli qiymətə alınması, gübrə təminatı daxil olsa da, başqa, yeni yanaşmalar da istifadəyə verilməlidir. Məsələn, istehsalçıların təcrübə toplamaq üçün qısa müddətə Avropa təsərrüfatlarına dövlət hesabına təlim ezamiyyatı proqramı qəbul edilməlidir.

Gəncədə yerləşən Kənd Təsərrüfatı Universitetinə xaricdən böyük sayda müəllim və mühazirəçinin dəvət edilməsi, orada işləyən yüksək peşəkar müəllimlərin ədalətli maaşla təmin edilməsi, universitetin maddi-texniki bazasının gücləndirilməsi kimi tədbirləri əhatə edən proqram təklif və icra olunmalıdır ki, o, Qafqazın və daha geniş anlamda regionumuzun ən qabaqcıl məktəbinə çevrilsin.

Bu sənədin bələdiyyələrə aid hissəsindən artıq göründüyü kimi, kənd təsərrüfatının uğurlarında və uğursuzluqlarında əhalinin özünün seçəcəyi geniş səlahiyyətli bələdiyyələrin müstəsna rolu olmalıdır. Həm yerli vergilərin, həm də mərkəzdən köçürmələrin bacarıqla istifadəsi artıq bələdiyyələrə qarşı vətəndaşların öz tələbkarlığından da asılı olmalıdır. Bələdiyyələr ölkənin müxtəlif əraziləri arasında birbaşa iqtisadi əlaqələr qurmaqla da yeni əlavə dəyər yaratmalıdırlar. Bu əlaqələr yeni sərmayə fürsətləri açacaq, köhnə daxili və xarici bazarları daha yaxın edəcək.

Kənd təsərrüfatı, aqro-sənaye sahəsi həm də İslam bankçılığı üçün geniş özünütəsdiq məkanı olmalıdır.

4. Mədəniyyət

Dövlətin mədəniyyətə münasibəti ötən əsrdə daha çox folklorun sinifləndirilməsi, onun arxiv və ənənə şəklində qorunması məqsədini güdüb. Yenilik və çağdaş mədəniyyət nümunələri isə əsasən özü özünə yol açıblar. Mədəniyyət sahəsindəki istehlak və ona xidmət edən idxal son illər milli mədəniyyətin yüksəldilməsi məqsədindən çox dövlət vəsaitlərinin israfı və başqa qeyri-tərəqqipərvər əsaslar üzərində qurulmuşdur.

Dövlətin siyasətində XXI əsrdə irəliləyiş müşahidə olunmur, halbuki mədəniyyətimizə yeni nəfəsi yeni bazarlar, yeni istehlakçılar gətirə bilər. Əhalinin artımı müsbət amil olsa da kifayət etmir. Mədəniyyət məhsullarımız özünün folklor biçimli əmtəə nişanını bir xeyli kiçildərək qonşu ölkələrdə və bütövlükdə dünyada yeni auditoriyalar kəşf etməlidir.

Bu işdə də dövlətimiz mədəniyyət ustalarımıza geniş dəstək verməlidir. Səfirliklərimizdə ilk növbədə çağdaş mədəni nailiyyətlərimizin və yalnız sonra folklorun təbliğinə məsul olan şəxs təyin edilməlidir. O, həm dövlət hesabına, həm də özəl fondlar hesabına aidiyytatı tədbirlərin keçirilməsində mədəniyyət ustalarımıza hərtərəfli yardım göstərməlidir.

Radikal, lakin zəruri addımlardan biri xalq və əməkdar artist ya da xadim kimi adların, onlara bağlı imtiyazların birdəfəlik ləğvindən ibarətdir. Mədəniyyət adamlarına dövlət dəstəyi onların yaradıcılıq layihələrinə qrant formasında verilməlidir.

Doğrudur yaradıcılıq ruhunu saxlamaq üçün belə qrantlar çox vaxt konkret göstəricilər olmadan, sadəcə istedadı həvəsləndirmə ya da indiyədək edilən mədəni tövhəyə hörmət səciyyəsi daşıya bilər, amma hər halda bu, fəxri adlar sistemindən çox daha ədalətli və məhsuldar qaydadır.

Peşə ittifaqlarına qrantlar isə onların layihələrinə daha tələbkar baxış əsasında verilməlidir. Onların getdikcə daha çox özəl fondlara meyllənməsi üçün təlim, təşviq və qanunvericilik hazırlıqları aparılmalıdır.

Dil siyasətini təkmilləşdirmək məqsədilə Milli Məclis Avropa Şurası çərçivəsində bağlanan sazişlər əsasında etnik azlıqların dillərinə regional status verilməsində iştirak etməlidir.

Türkiyənin yüksək dil qurumları ilə ortaq dil proqramları hazırlanmalı və icra edilməlidir, çünki dil islahatları və dəmir pərdə Azərbaycanda və Türkiyədə XX əsr ərzində dil fərqli təsirlər altında inkişaf edərək bir-birindən xeyli ayrı düşmüşdürlər. 

Kitab və bahalı olmayan bəzi növdə mədəniyyət əsərlərinin satışı əlavə dəyər vergisindən azad olunmalıdır.

Xarici filmin dilimizə tərcüməsi tələbkar dövlət qurumunun yoxlamasından keçməyibsə, onun efirə və ya satışa çıxarılmasına görə məsuliyyət müəyyən edilməlidir. Film sənayesinin kökündən yenidən qurulması üçün peşəkar ittifaqların ya da iş adamlarının cəlb etdiyi hər bir manat özəl sərmayeyə dövlət daha bir manat əlavə etməlidir. Lakin, ilk növbədə ölkədəki siyasi ab-hava hər kəsə yaradıcılıq sərbəstliyini tanımalıdır.

5. Bilik və elmi-texnoloji üstünlük

Sovet hökuməti maarifçilik işini öz zamanında pis-yaxşı qura bilsə də, məktəblərimiz sonralar maarifçilik ruhunun ətalətini qıra bilmədi. Qlobal elmi-texniki və sosial elmlər inqilablarında Azərbaycanın uzun illərdir yalnız istehlakçı kimi iştirak etməsinin səbəbi də daha çox budur. Təhsilin vəzifəsi yeni səviyyəyə qaldırılmalıdır. O, ölkəmizə seçilmiş sahələrdə elmi-texnoloji üstünlük qazandırmalıdır, çağdaş ictimai, mədəni və iqtisadi problemlərə cəmiyyətimizin cavab verməsi təmin etməlidir.

Elmin gənclər arasında təşviqi üçün iqtisadi stimulları nə qədər sadalasaq da, onlar bəs etməz. Yəni alimliyin prestiji və hörmətini yüksəldəndən sonra da gənclərin elmi işə cəlbinə mühüm əngəl vardır, bu da elm haqqında “əlçatmaz qədər mürəkkəbdir” təsəvvürüdür. Bu geniş yayılmış təsəvvürü orta məktəb proqramları qırmalıdır.

Elmi tədqiqatların çeşidliyinə və dərinliyinə mane olan, bürokratik qapalılıq təcili aradan qaldırılmalıdır. Verilərin demokratik əlçatımlılığı təmin edilsin deyə, informasiyanın əldə edilməsi haqda qanunverciliyə dəyişikliklər edilməlidir – əlbəttə, böyük miqyaslı statistik və fərdi məlumatların sui-istifadədən qorunması şərti ilə.

Qızların elmi-texnoloji araşdırmaçı peşəsini seçməsi üçün sosial reklamlar geniş yayılmalı və uyğun sosial davranış qaydalarını dövlət siyasətimizin hər məqamında təşviq etməliyik.

Elm xərclərinin ÜDM-də payını aparıcı Avropa ölkələrinin səviyyəsinə qədər, yəni indiki ilə müqayisədə dəfələrlə artırmalıyıq. Dövlətin özəl sektorla elm sahəsində tərəfdaşlıq sxemlərinin bu payda xüsusi çəkisini cəmiyyət hiss etməlidir.

Dövlət büdcəsindən 10 il ərzində 1,7 milyard manat xərcləməklə dünyanın 300 aparıcı universitetində 10 min azərbaycanlının oxudulması və işlə təmin edilməsi proqramı təcili tərtib və icra olunmalıdır.

6. Sağlamlıq

1970-1980-lərdə Bakıdakı Tibb İnstitutunu bitirən minlərlə “mütəxəssis” indi yaşı 50-ni keçmiş təcrübəli və bilikli həkim olmalı idilər, amma onlar yoxdurlar. O zamanın korrupsiyasının qiymətini cəmiyyət indi də ödəyir.

Təklif etdiyimiz sağlamlıq siyasəti cəmiyyətimiz üçün ağrıkəsici deyil, müalicəvidir.

Dərin təhsil islahatları bu prosesin ancaq ilk addımıdır. Tibb elmi dövlətin sayseçmə diqqət sahələrindən biri olmalı və vəzifəmiz sadəcə normal klinika qurmaqla məhdudlaşmamalıdır – qonşu ölkələrin vətəndaşlarını maddi əsaslarla cəlb edəcək müalicə sistemi qurmalı və təməl növlü tibb araşdırmalarını tədricən dünya standartlarına qədər yüksəltməliyik.

Qarşıdan gələn onilliklərdə xəstəliklərin araşdırılmasında və vaxtında qarşısının alınmasında daha məhsuldar bilgisayarların yaradılması sayəsində tibbi statistikanın inqilabi çevriliş edəcəyini bilirik. Odur ki, ən qısa zamanda bütün dövlət və özəl tibb müəssisələrində vahid standartlara əsasən qurulmuş, vətəndaşların şəxsi məlumatlarının toxunulmazlığı şərtilə, olduqca detallı elektron tibb kitabçaları açılmalıdır. İmkan daxilində və bəlkə də maraqlı biznes müəssisələrinin könüllü ianələri hesabına, indiyədək aparılmış adi kartlar rəqəmsallaşdırılmalıdır. Belə bir ətraflı və geniş bazanın yaradılması təkcə xəstəliklərin qarşısının alınması və müalicəsi üçün deyil, ölkəmizin sağlamlıq gündəmini müstəqil şəkildə müəyyən edilməsi üçün olduqca vacibdir.

Dövlət büdcəsindən sağlamlıq sahəsinə ayrılan vəsait ÜDM-in 4 faizindən az olmamalıdır.

Təcilli tibbi yardım maşınları üçün şəhər yollarında xüsusi xətlər ayrılmalı, bu xətlərin daim boş olmasına sərt nəzarət təmin edilməlidir ki, həkimlər dəqiqələr içində xəstələrə çatıb ilk yardımı göstərə bilsinlər.

Dövlət klinikalarında işləyən həkimlərin maaşı ən azı 1 Avropa Birliyi ölkəsində həkimlərin aldığı maaşdan yüksək olmalıdır. Həkimlər, mümkün müalicə səhvlərinə görə də sığortalanmalıdırlar ki, hər hansı bir səhv illərlə faydalı əməyin nəticələrini o həkimin əlindən almasın.

Bütün vətəndaşlar ya dövlət hesabına, ya da işlədikləri müəssisə hesabına tibbi sığorta ilə təmin edilməlidir. Klinika və ya sığorta şirkəti tərəfindən sığorta şərtlərinin keyfiyyətsiz icrası konkret haldan və nəticələrindən asılı olaraq ya cəzalandırılmalı, ya da zərər çəkmiş vətəndaşa maddi təzminat formasında kompensasiya edilməlidir.

Əhalinin ən gözəl tibbi müdafiəsini sağlam həyat tərzi təmin edir. Çevrənin qorunması sahəsində bu sənəddə göstərilən işlər, idman meydançalarının və komplekslərinin qiymət və məsafə baxımından əlçatımlılığı, siyasətimiz və sosial reklamımız nəticəsində insanların şəxsi inkişafa xərclədiyi vaxt və pul – bunların hamısı sırf tibb elmi və müalicə sahəsində görülən işlərə əlavə olaraq ölkədə sağlamlıq keyfiyyətini artıracaqdır.

Ayrı-ayrı dövlət qurumlarının tabeçiliyndə klinika olmamalıdır. Bu klinikalar ya dövlətin ümumi tabeçiliyinə verilməli, ya da özəlləşdirilməlidir. Bütün dövlət klinikalarına idarəetmə və maliyyə muxtariyyatı verilməli, lakin onlar özəl klinikalarla rəqabətdə heç bir üstünlüyə malik olmamalıdır.

Klinikalar və həkimlər Səhiyyə nazirliyindən yox, qarışıq və mürəkkəb tərkibli ekspert şuralarından lisenziya almalıdır.

7. Çevrə

Çevrə gündəmi Azərbaycanda indiyədək özümüz tərəfindən deyil daha çox xarici qurumlar tərəfindən formalaşıb. Özü-özlüyündə bu pis olmasa da, nəticədə əhalinin gileyləndiyi ekoloji problemlər və mütəxəsislərin, dövlətin məşğul olduğu ekoloji problemlər arasında uçurum yaranıb. Bu sahədə uyğunluq yaradılmalıdır.

Kənd təsərrüfatına aid hissədə artıq qeyd edildiyi kimi, genləri dəyişdirilməmiş məhsulların yetişdirilməsi və emalı ölkənin dünya bazarında tanındığı ixtisaslaşma sahəsinə çevrilməlidir. Orqanik olmayan qida məhsulları birmənalı və sərt şəkildə qadağan olunmalıdır. Bu sahədə indi işləyən müəssisə və təsərrüfatlar isə istehsal yönünü dəyişmək üçün yardım və müvəqqəti güzəştlər almalıdır.

İqtisadiyyat hissəsində göstərilən daha bir milli ixtisaslaşma sahəsi alternativ enerjidir. Bu seçim də çevrə qayğılarımızla sıx bağlıdır. Lakin, yaşıl iqtisadiyyat təkcə bununla məhdudlaşmır. Bu sahədə tənzimləyici və həvəsləndirici səlahiyyətlərin böyük bir hissəsi bələdiyyələrə verilməlidir. O cümlədən meşə, dağ, otlaq və örüş sahələrinin, Xəzər sahilinin özəlləşdirilməsinə qadağa qoyulmalıdır. Bu ərazilərin inkişafı ya da qorunması bələdiyyələrə həvalə edilməlidir. Onlara aid böyük həcmli sərmaye layihələri yalnız mərkəzi hökumətin razılığı ilə icra olunmalıdır.

Bələdiyyələr üçün ayrıca “çevrə dostu” maliyələşdirmə mexanizmi yaradılmalıdır. Bu sahədə ən qabaqcıl orjinal və realistik layihələrə müsabiqə yolu ilə ildə əvvəlcə 100 milyon AZN, sonra isə daha da çox vəsait ayrılmalıdır. Üstünlük əlbəttə ki, birgə dövlət-özəl sektor yatırımlarını təklif edən layihələrə verilməli, lakin ayrıca dövlətin də maliyələşdirdiyi layihələr qalib ola bilər. Layihələrin ideyasını müəyyən etməkdə çevrənin qorunması sahəsində çalışan araşdırma mərkəzləri və QHT-lər bələdiyyələrə yardım göstərməlidir. Bunlara ildə azı 20 milyon AZN xərclənməlidir.

Malların (xüsusən qida və kimya məhsullarının) təhlükəli olub-olmadığını nə dövlət, nə də istehlakçı araşdırmamalıdır. İstehsalçı ya da idxalçılar bu malların təhlükəsiz olduğunu öncədən sübut etməyə borclu olmalıdırlar. Bundan başqa, ziyanın elmi sübutları hələ tam bəlli olmayanda, amma təhlükə ehtimal edilən hallarda, dövlət qabaqlayıcı yasaqlar qoymalı ya da uyğun tədbirlər görməlidir.

IV. REAL İNSAN

Sosial siyasətimiz sahibkarlığı, əməyi və rifahı bir-birinə tərəqqi naminə qovuşduran, bunların heç birini daha üstün tutmayaraq birinin uğurunu digərinə ötürən siyasət olacaqdır. Bu işdə kompasımız əlbəttə Avropa Sosial Xartiyasıdır.

İndiyədək irəli sürdüyümüz təşəbbüslərdən bəlli olduğu kimi, bizi iş yerlərinin sayı onların bütün digər keyfiyyətləri ilə birgə maraqlandırır – yəni maaşı, pensiyası, əhali artımına aiddiyyatı, yaratdığı tələbatların sosial mənası və yönü, elmi-texniki tərəqqiyə bağlılığı və əlbətdə ki, insan haqlarına münasibəti.

Beynəlxalq Əmək Təşkilatı deyir ki, pensiya minimumum əmək haqqının ən azı 40 faizini təşkil etməlidir, amma bizim hədəfimiz Avropa göstəricisi, yəni 60 faizdir. 500 manatdan az maaş verən işləri qadağan ediriksə, deməli məqsədimiz 300 manatlıq minumum pensiyadır.

Bu, tamamilə mümkündür: iş yerlərinin rəsmləşdirilməsi 1 nəfər pensiyaçıya ən azı 4 nəfər sosial siğorta haqqı ödəyənin düşməsini təmin edəcək. Bəli, Azərbaycan gənclərlə zəngin ölkədir və burada fərdi pensiya toplama sisteminə sürətli keçidə heç bir ehtiyac yoxdur. 1990-ları və 2000-ləri bu kimi yalnış təşəbbüslərə xərcləyərək, hakimiyyət keyfiyyətli iş yerlərinin yaranması vəzifəsindən yayındı. İndi vətəndaşlarımızın layiqli pensiya ala bilməməsinin səbəblərindən biri budur. Nəsillərarası dayanışma təkcə ailə deyil, dövlətin də prinsipi olmalıdır.

Bununla belə, özəl pensiya fondlarının yaradılması da dövlət tərəfindən təşviq edilməlidir. Dünyanın yüksək reytinqli yatırım fondları yerli özəl pensiya fondlarının pullarını idarəetməyə götürdükdə hökumət bə vəsaitin siğortalanmasına yardım etməlidir.

Kişi və qadınların pensiyaya çıxma yaşı eyniləşdiriləcək 62 yaş təşkil etməlidir, amma istisnasız olaraq kim istəsə iki il öncə də pensiyaya ( həmin iki il ərzində pensiyasının 70%-ni sonra isə tam məbləğini almaq şərti ilə) çıxa bilməlidir.

Əlilliklə bağlı siyasətimizin üç meyar qrupu olmalıdır. Birinci qrup – əlillərə dövlətin yardımının təşkilidir: onlara qarşı ayrı-seçkiliyin ailədə, cəmiyyətdə, təhsil və iş yerində aradan qaldırırlması, xüsusi sığorta növləri və digər maddi yardımlar. İkinci qrupa icmaların, özəl müəssisələrin əlil vətəndaşlara yardım göstərməyə həvəsləndirilməsi aiddir. Üçüncü qrup əlilliyin qarşısını almağa kömək edən araşdırma, ictimai təhsil standartların təminatını əhatə edir.

İqtisadi tənzimləmədə hər şey bir-birinə bağlıdır deyə, fərqli sahələrdəki tədbirlərimiz dolayısı ilə bir çox sosial çətinliklərin həllini mümkün edəcək, hamımızın rifah halını yüksəldəcək. Məsələn bank faizlərinin yuxarıda göstərilən kimi düşürtməklə poteka imkanlarını xeyli genişləndirmək mümkün olacaq. Bu isə yeni ailələr, daha çox uşaq deməkdir və hər yeniyetməyə ayrı otaq kimi istəklərə böyük sayda gənc ailələrimizi yetirəcək. Eyni zamanda, daha yüksək pensiya, gənc işləyən ailələrin öz valideyinlərinə ayırdığı vəsaiti azaldacaq, əksinə baba və nənələr ənənəvi olaraq nəvələr üzərində qayğısında daha fəal rol oynayacaq. Bu isə ailə dəyərlərinin möhkəmləndirilməsi deməkdir.

Dövlət hesabına uşaq yay düşərgələrinin geniş şəbəkəsi yaradılmalıdır və 10-14 yaşında uşaqların orada hər il dövlət hesabına istirahəti bütün istəyənlərə təmin olunmalıdır. Bağça şəbəkəsi də dövlət hesabına bərpa olunaraq, 3-6 yaşlı uşaqların məktəbəqədər təhsili təmin edilməlidir. Bağçalarda qida, təhlükəsizlik və təlim keyfiyyətini təmin etmək üçün Avropa ölkələrinin təcrübəsinə əsasən ətraflı inkişaf konsepsiyası hazırlanmalı, təsdiq edilməli və yalnız sonra bu şəbəkənin fiziki obyektləri qurulmalı və təlim heyəti işə götürülməlidir.

Sosial siyasət təkcə bu kimi tədbirlərlə məhdudlaşmamalıdır. Mülkiyyət münasibətlərinin XXI əsrdə sahibliyə pərəstişdən əlçatımlılığa doğru dəyişməsini nəzərə alaraq, millətin maddi imkanlarının daha səmərəli istifadəsi məqsədilə eksperimental yenilikçi layihələr təşviqimizi və dəstəyimizi qazanmalıdır. Misal üçün avtomobillər, evlər və digər mallar üzərində kütləvi təkbaşına sahiblik əvəzinə abunə sxemlərinin geniş yayılmasına, bu sahədə istehlakçıların, yerli istehsalçıların marağına və milli kapitalın səmərəli istifadəsinə xidmət edən rəqabətin gücləndirilməsi layihələrinə üstünlük verilməlidir.

Digər eksperimental sosial layihələrdən Gəncə, və Sumqayıtda ictimai nəqliyyatın yerli əhali üçün tamamilə pulsuz, yəni bələdiyyə hesabına işləməsi ideyasını qeyd etmək olar.

Sivil toplum institutlarının fəaliyyətinin genişləndirilməsi, daha sərbəst fəaliyyət göstərməsi üçün də yeni qanun layihəsi təşəbbüsü ilə çıxış edəcəyik.

Kampaniyamız

ƏTRAFLI

Kampaniyamız

Biz inanırıq ki, ifadə etdiyimiz mövqe və təkliflərimiz Cümhuriyyət təməllərinin möhkəmləndirilməsinə yönəlib.

ƏTRAFLI

Müşahidəçi ol

BİZƏ QOŞUL

Müşahidəçi ol

Kimin səs sayması yox, kimin seçkiləri müşahidə edəcəyi daha vacibdir.

BİZƏ QOŞUL

İanə göndər

İANƏ ET

İanə göndər

Namizədin seçki kampaniyasına istənilən məbləğdə edəcəyiniz ianə sizin töhfənizdir.

İANƏ ET